Şriftin ölçüsü :

Saytın rəngi :

Milli birlik və vətəndaş həmrəyliyi

21 may 2020 | 08:00

Azərbaycan Respublikası  Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin əvvəlindən başlanmış həm iqtisadi, həm də sosial islahatlar gözlənilən nəticələri verməkdədir.  Bu istiqamətlərdə  atılan ardıcıl və qətiyyətli addımlar,  dövrün tələbləri ilə uzlaşan müasir idarəetmə siyasətinin bərqərar olması,  daxili və xarici siyasətdə əldə olunan uğurlar vətəndaşlarımızı qəlbən sevindirir.
Bütün sadalanan fəaliyyətin memarı kimi ölkə Prezidentinin gələcək inkişafla bağlı yürütdüyü məqsədyönlü siyasət ölkəmizin qarşılaşa biləcək maneələrdən üzüağ çıxması baxımından güvən formalaşdırır.  Son aylar bəşəri bəlaya çevrilmiş, həmçinin çoxsaylı insan tələfatına və iqtisadi deqradasiyaya səbəb olmuş, xüsusən gərgin psixoloji böhran formalaşdırmış pandemiya şəraitində hökumət səviyyəsində qəbul edilmiş mühüm qərarlar, əvvəlcədən yaradılan infrastrukturlardan təyinatı üzrə istifadə edilməsi, eləcə də yeni istehsal və tibbi müəssisələrin inşası  həyata keçirilən siyasətin zaman baxımından doğruluğunu və vacibliyini bir daha göz önünə gətirir. İndiki şəraitdə dünyada yaranan xaos və nizamsız idarəetmədən fərqli olaraq cənab  Prezidentin xüsusi göstərişi ilə qısa müddətdə respublika ərazisində müvafiq tibbi məmulatların istehsalına başlanılması, respublikamızda maska və tibbi spirt qıtlığına rast gəlinməməsi dövlət başçısının qətiyyətindən və bənzərsiz idarəçilik qabiliyyətindən xəbər verir.
Bu çətin günlərdə xalqı ilə həmrəy olmaq, o cümlədən işsizlər üçün müəyyənləşdirilmiş müavinətlərin verilməsində operativliyi təmin etmək,  aztəminatlı ailələrin övladlarının təhsil haqqlarının dövlət tərəfindən ödənilməsi kimi mühüm qərarlar qəbul etmək,  sahibkarlara bu çətin dönəmlərdə dəstək olmaq və s. məsələlər Azərbaycan xalqı tərəfindən xüsusi rəğbətlə qarşılanaraq humanist rəhbərə qarşı olan sevginin diapazonunu sərhədsiz genişləndirmişdir.  Bundan başqa, ən mürəkkəb vəziyyətlərdə, eləcə də həssas dönəmlərdə vətəndaşlarımızın birmənalı şəkildə ölkə rəhbərliyinin çağırışlarına adekvat cavab verməsi, o cümlədən sağlam cəmiyyət uğrunda aparılan mübarizədə önərilən tələblərə qarşı loyallıq göstərməsi dövlət başçısına olan hədsiz inam və etimadın nəticəsidir.
  Digər tərəfdən  ölkəmizdəki müsbət dinamika göz qabağındadır. Belə ki,  cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına görə  ümumi daxili məhsulda 1,1 faiz artım, qeyri-neft sektorunda isə 3 faizdən bir qədər çox artım qeydə alınmışdır. Bütün dünyanın koro¬navirus pandemiyasına görə böhrana düçar olduğu vaxtda ölkəmizdə həm ÜDM-də, həm də qeyri-neft sektorun¬da inkişafın qeydə alınması bir daha deməyə əsas verir ki, uğurla aparılan siyasət hər vəziyyətdə və hər cür şəraitdə öz bəhrəsini verir.
Azərbaycan sosial dövlətdir və cənab  Prezidentin  siyasətinin mərkəzində vətəndaş amilinin dayanması əhalinin rifahının təminatı istiqamətində atılan mühüm addımlarda, ildən-ilə genişlənən sosial proqramlarda əyani təsdiqini tapır. Koronavirus epidemiyası dövründə də "Bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır” deyən dövlət başçısının güclü sosial siyasəti əhalinin sağlamlığının qorunması üçün kompleks təsirli tədbirlərlə yanaşı, çevik və genişmiqyaslı sosial dəstək proqramlarının hazırlanaraq həyata keçirilməsinə imkan verir.
Cənab Prezidentin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün də çoxistiqamətli proqramlar müəyyən edildi. Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait ilk vaxtlar 2,5 milyard manat nəzərdə tutulsa da, dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı üstələmişdir.
Sənəddə məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb. Bu istiqamətlərə iş yerlərinin və işçilərin əmək haqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılması, ödənişli ictimai iş yerlərinin sayının artırılması, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara birdəfəlik ödəmələrin verilməsi, 2,3 milyon insanı əhatə edən sosial ödənişlərin davamlılığı, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və s. daxildir.
Pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu. Şəffaf fəaliyyət iş yerlərinin qorunmasını və dövlətin bütün güzəştlərinə tam çıxış imkanlarını təmin etdi. Dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini azaltmış subyektləri əhatə edir. Koronavirus pandemiyası dövründə hazırlanan Tədbirlər planı buna mühüm nümunə ola bilər. Tədbirlər planında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 mln.manat birbaşa kompensasiya ödənişi ayrılmışdır.
Bu çərçivədə muzdlu işçilərin iş yerləri qorunmuş, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş, onlara geniş vergi güzəştləri verilmiş, fəaliyyət sahələrinə ayrılan 1.5 mlrd.manat bank kreditlərinə dövlət zəmanəti verilmiş və faizləri subsidiya edilmişdir. Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldu. Belə “işgüzar cəmiyyət” uzun müddət “kölgə”də olmaqla dövlət ilə əməkdaşlıq imkanlarını itirdi və nəticədə dövlət-biznes münasibətlərindən kənarda qaldı. Bu səbəbdən dövlət bütün güzəşt və stimullaşdırıcı tədbirlərini yalnız dövlətlə əməkdaşlıq edən sahibkar və vətəndaşa şamil edə bildi. Əlavə olaraq iqtisadiyyata mənfi təsirlər zamanı öz fəaliyyətində dürüst olan intizamlı sahibkarı və vətəndaşı qorumaq dövlət üçün daha asan oldu.  Qeyri-şəffaf fəaliyyətdə olanlar isə dövlətin genişmaliyyə dəstəyinin daha böyük hissəsindən kənarda qalır.
Buna baxmayaraq,  işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxs müəyyən olunub və onlara aprel ayı üzrə birdəfəlik ödəniş həyata keçirilib. Aprel ayı üzrə ödənişlər bank və poçt filialları vasitəsilə vətəndaşlara ödənilib.
Digər bir istiqamət kimi məşğulluq imkanlarının artırılması üçün dövlət başçısının tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılır. Artıq DOST İş Mərkəzi vasitəsilə əlavə 23 min şəxs bu işlərə cəlb edilib. Hazırda 61 min şəxs əmək müqaviləsi ilə ödənişli ictimai iş yerlərində çalışır.
Samux rayon sakinləri də bütün sosial dəstək proqramları ilə əhatə olunur. Cari ildə rayonda 112-si daimi olmaqla 236 yeni iş yeri yaradılmış,  295 nəfər ödənişli ictimai işlərə, 69 aztəminatlı ailə özünəməşğulluq proqramına və 150 nəfər iki aylıq sosial işlərə cəlb edilmişdir .  Minlərlə rayon sakini 190 manat həcmində iki aylıq  birdəfəlik müavinətlə təmin olunmuşdur.
Təqdirəlayiq məsələlərdən biri də budur ki, ölkə başçısı tərəfindən  ya¬ranmış vəziyyətlə əlaqədar büdcədə zəruri olmayan layihələrin dayandı¬rılması və ixtisara salınması barədə göstəriş verilsə də, sosial sahədə heç bir proqramın ixtisar edilməyəcəyi bildirildi.  Bu müjdə bir daha onu deməyə əsas verir ki, ölkəmizdə apa¬rılan siyasətin ana xəttini Azərbaycan Respublikasının vətəndaşı tutur, vətəndaşa yüksək qiymət verilir, görülən hər bir iş vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına yönəlmişdir.
Cari ildə  Samux rayonunda  sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən  işlərin  davam etdirilməsi bunun əyani sübutudur. Belə ki, 2020-ci ilin əvvəlindən  Heydər Əliyev Fondunun təşəbbüsü ilə  800  şagird yerlik Sərkar kənd  tam orta  məktəbinin, 100 yerlik  Sərkar kənd uşaq bağçasının,  Ziyadlı kəndində 60 yerlik uşaq bağçasının tikintisi  və 600 yerlik tam  orta məktəbin əsaslı təmiri işləri həyata keçirilir. Eyni zamanda Rayon Mərkəzi Xəstəxanası üçün 90 çarpayılıq  xəstəxana kompleksinin tikintisi davam etdirilir.
Beləliklə inanırıq ki, cənab Prezidentin  qarşıya qoyduğu vəzifələrə və sosial islahatlar proqramına uyğun olaraq, gələcəkdə də əmək, məşğulluq, sosial müdafiə sahəsində geniş islahatlar, sosial xidmətlərin genişləndirilməsi, qeyri-formal məşğul vətəndaşların formal məşğulluğa keçidinin sürətləndirilməsi və digər sahələrdə işlər davam etdiriləcəkdir. Bütün bunlar isə öz növbəsində  xalqımızın rifahının yaxşılaşmasına hesablanmışdır.

Keçidlər