Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda ərzaq təhlükəsizliyinin həlli yolları

21 may 2020 | 07:00

Ərzaq təlükəsizliyi  hər bir dövlətin milli təhlükəsizliyin  tərkib hissəsi  olmaqla  ölkədə sabitliyin təmin edilməsi , iqtisadi tədbirlərin  həyata keçirilməsi  və digər məsələlərin  həlli üçün  sosial iqtisadi imkanlar yaradır .Ərzaq təhlükəsizliyi iqtisadiyyatın  elə bir vəziyyətidir ki, bu halda əhalinin fiziki və sosial inkişafı , sağlamlığının  və artımının  təmin edilməsi üçün keyfiyyətinə , çeşidinə və həcminə görə kifayət qədər olan ərzaq məhsulları , içməli su və digər məhsullar  ilə təminatına zəmanət verilir . Ərzaq təhlükəsizliyinin  təminatı  iki əsas amilin – fiziki və iqtisadi imkanların mövcudluğu  şəraitində mümkündür .Fiziki amil dedikdə hər bir  insanın normal və sağlam həyat fəaliyytini  təmin edən həcmdə , çeşiddə və keyfiyyətdə əsas ərzaq məhsullarının  satışda  davamlı olaraq mövcudluğu nəzərdə tutulur. İqtisadi imkan dedikdə bu məhsulları  hər bir kəsin əldə etməsi üçün maddi imkanların mövcudluğu başa düşülür .
                 Fiziki imkanların mövcudluğu aqrar sahənin inkişafından asılı olmaqla iki yolla – daxili istehsal və idxal hesabına təmin edilir.
                 İqtisadi imkan etibarlı olmadığına görə  yerli istehsalın artırılması bütün ölkələr üçün əsas vəzifə hesab olunur . Bunu nəzərə alaraq respublika rəhbərliyi əsas ərzaq məhsullarının maksimum səviyyədə yerli istehsal hesabına təmin edilməsini ölkəmizin aqrar iqtisadiyyatının prioritet  istiqaməti olduğunu dəfələrlə vurğulamışdır.
                  Aparılan tədqiqatlar  nəticəsində müəyyən olunmuşdur ki,dövlətin ərzaq təhlükəsizliyi o vaxt təmin edilir ki, ölkə ərazisinə xaricdən ərzaq məhsullarının daxil olması dayandıqda ərzaq böhranı baş verməsin  və bazarda  satılan kənd təsərrüfatı  xammalının  və ərzağın  ümumi  həcmdə yerli istehsalı  taxıl  90%,  kartof 95% , şəkər 80%, bitki yağı 80%, ət və ət məhsulları,  süd və süd  məhsulları 85-90%, balıq və balıq məhsulları üzrə isə 80%-dən az  olmasın.
                  Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün dünya ölkələrində proqramlar və ya doktrinalar həyata keçirilir. Bu məqsədlə 2001 və 2008- ci illərdə ölkəmizdə dövlət proqramları qəbul edilmişdir. 2008- ci ildə qəbul edilmiş proqramda qeyd olunur ki, əhalinin etibarlı ərzaq təminatının başlıca  şərtlərindən makro-iqtisadi sabitliyə əsaslanan davamlı inkişafın təmin edilməsi və əhalinin gəlirlərinin fiziloji normalara əsaslanan  tələbatının  ödənilməsidir.
                   Ötən əsrin 90- cı illərinin ortalarında  respublikanın  hər yerində  olduğu kimi  Samux rayonunda da əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində böyük çətinliklər  yaranmışdır. Buna Sovetlər İttifaqının süqutu ,yeni qurulan müstəqil Azərbaycan Respublikasının hələ formalaşmaması,dövlət quruculuq işləri,  yeni iqtisadi formasiyaya keçid, o vaxtkı hakimiyyətin səriştəsizliyi,  respublikanın ərazi bütövlüyü uğrunda gedən müharibə  və s. kimi amillər öz təsirini göstərmişdir. Bu dövrlərdə rayonun  insan həyatı üçün ən mühüm və əvəzsiz qida məhsulu olan çörəyə böyük ehtiyacı var idi və bu problem əhalinin böyük təhlükə altında qoya bilərdi .1993- cü ildə öndər Heydər Əliyev hakimiyyətə gəlişindən sonra respublikada ərzaq təhlükəsizliyinin  aradan qaldırılması üçün poqram hazırlandı . Dərhal xarici ölkələrdən  respublikaya  taxıl məhsulları idxal olunmağa  başladı . Əhalinin çörəklə təminatı yaxşılaşdı .Aqrar islahatlar nəticəsində əvvəlcə fermer təsərrüfatları yaradıldı, daha sonra isə kolxoz və sovxozlar ləğv  edilərək onlara məxsus  torpaq sahələri torpaq payı kimi  vətəndaşlara paylandı . Əhaliyə əmlak payı verildi . Bu imtiyazlardan istifadə edərək  torpaq sahələri  becərilməyə başlandı. Daha sonra torpaq vergisindən başqa bütün vergilər ləğv olundu . Rayonda məhsul bolluğu  yarandı . Son illərdə təsərrüfatlara subsidiyaların  verilməsi,  Aqrolizinq müəssisələrinin yaradılması  nəticəsində təsərrüfatların texnika  və güzəştli qiymətlərlə  verilmiş mineral  gübrələrlə  təmin edilməsi , sahibkarlara güzəştli  kreditlərin  verilməsi , SKMF tərəfindən sahibkarlara güzəştli kreditlərin   verilməsi  kənd təsərrüfatının  inkişafına böyük təkan vermişdir. 
                Rayonda  2019- cu  ilin məhsulu üçün 19343 ton buğda istehsal olunmuşdur. İl ərzində  hər bir adamın 139,4 kq çörək istehsak etdiyini  nəzərə alsaq ,müəyyən edərik ki, il ərzində hər bir adam üçün 133,3 kq buğda istehsal olunmalıdır. 2019-cu ildə əhalinin orta illik sayının 58538 nəfər olduğunu nəzərə alsaq, bu hesabla 1 ildə rayon əhalisi üçün ərzaq məqsədi ilə 7803 ton  buğda istehsal olunmalıdır. Deməli, 2019-cu ildə normadan  artıq  11540 ton buğda istehsal olunmuşdur.
       Təbii fəlakətlər və ya ziyanverici  həşaratların  vurduğu  ziyanları  nəzərə alsaq , rayonda ehtiyat üşün  taxıl anbarlarının tikilib istifadəyə verilməsinə  böyük ehtiyac  vardır. Hal –hazırda rayonda taxıl anbarları mövcud deyildir.
                  Cörəkdən  sonra ən çox istifadə olunan ərzaq məhsulu kartofdur. 2019-cu ildə rayonda 6078 ton kartof istehsal olunmuşdur. Dövlət Statistika Komitəsinin  hesablamalarına əsasən 1 adam 1 ildə 71,1 kq  kartof istehlak edir. Bu normanı rayon əhalisinə  şamil etsək, müəyyən edərik ki,  1 ildə rayon əhalisi üçün ərzaq məqsədilə  4162 ton  kartof istehsal edilməlidir. Deməli, rayonda əhalinin tələbatından 1916 ton çox kartof istehsal olunmuşdur. 
                  2019- cu ildə rayon üzrə 14319 ton  tərəfəz və bostan məhsulları  istehsal olunmuşdur. İl ərzində 1 nəfərin 105,8 kq tərəvəz və bostan  məhsulları istehlak etdiyini  nəzərə alsaq , deyə bilərik ki, rayon əhalisinin istehlakı üçün 1 ildə  6194 ton  məhsulun istehsalına ehtiyac vardır. Göründüyü kimi , ötən il tələbatdan 8125 ton artıq məhsul istehsal olunmuşdur. Artıq məhsul satılmaq üçün  şəhər bazarlarına çıxarılır. Əhalinin ilboyu bu cür məhsullardan  istifadə etməsi üçün rayonda emal müəssisələrinin və soyuducu anbarların yaradılmasına  böyük ehtiyac vardır.
                  2019- cu ildə rayonun təsərrüfatlarında 18102 ton meyvə istehsal edilmişdir. 1 nəfərin 1 ildə 75,9 kq meyvə istehsal etdiyini nəzərə alsaq , rayon əhalisi üçün 1 ildə 4443 ton meyvə istehsalı olmalıdır. Deməli, rayonda 13659 ton  normadan  artıq  meyvə istehsal olunmuşdur.  Təlabatdan  artıq meyvənin xaricə bazarlara çıxarılması , emal edilməsi və ya soyuducu anbarlarda saxlanılması vacib mənbələrdən  biridir.
                   Əhalinin  ərzaq məqsədilə  istifadə etdiyi  ən zəruri qida məhsullarından  biri də  heyvandarlıq məhsullarıdır. Keçmişə nəzər salsaq ,  əhalinin heyvandarlıq məhsulları ilə təminatı həmişə rayonda öz həllini tapa bilməmişdir. Hətta bu cür məhsullar  rayona qonşu  respublikadan alınıb gətirilirdi . Bu gün isə heyvandarlıq məhsullarının istehsalı rayon əhalisini nəinki tam təmin edir, hətta bu məhsullar şəhər əhalisinin  də müəyyən qədər ehtiyacını ödəyir. Rayonun bütün qış otlaq sahələri və bələdiyyələrin mülkiyyətində olan örüş sahələri şəxsi təsərrüfatların  istifadəsinə  verilmişdir. Əkin sahələrində kifayət qədər  yem bitkiləri  istehsal olunur. Aqrolizinq  yolu ilə Avropa ölkələrindən rayona hər il xeyli miqdarda cins damazlıq heyvanlar gətirilməsi və süni mayalanmadan alınan buzovların baş sayının artırılması nəticəsində cins mal-qaranının sayı yerli mal-qaranın sayını üstələmişdir. 
                   Hesablamalara  görə 1 adam 1 ildə 33,7 kq ət və ət məhsullarından istifadə edir. Bu hesabla rayon əhalisi üçün  bu göstərici 1973  tona  bərabərdir. 2019-cu ildə isə rayonun təsərrüfatlarında 2870 ton (kəsilmiş çəkidə)  və ya normadan 897 ton artıq ət istehsal olunmuşdur.
                  1 adamın 1 ildə 274,9 litr süd istehlak etdiyini nəzərə alsaq, rayon əhalisi üçün 1 ildə 16092 ton  süd istehsal olunmalıdır. Rayonda ötən il 31358 ton  süd istehsal olunmuşdur. Bu isə tələbatdan 15266 ton çoxdur. Ötən illərdə süd istehsalı əhalinin tələbatını tam ödəmirdi. Lakin “Bozdağ” heyvandarlıq kompleksinin tikilib istifadəyə verilməsi ilə bu problem öz həllini tapmış oldu. Lakin bu gün mağazalarda satılan süd məhsullarının ( ən əsası kərə yağı)  müəyyən hissəsi xarici istehsal mallarıdır. Bu məhsullar həm bahadır və həm də insanların sağlamlığı üçün faydalı deyildir. Ona görə də rayonda süd məhsullarının emalı ilə məşğul olan sənaye müəssisələrinin tikilib istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir.
                1 nəfər 1 ildə 155 ədəd yumurtadan ərzaq məqsədiilə  istifadə edir . Buna görə də rayon əhalisi üçün  hər il 9073 min ədəd  yumurta  istehsal olunmalıdır . Lakin  ötən il rayonda 7435 min  ədəd yumurta istehsal olunmuşdur ki, bu da normadan 1638 min ədəd  azdır. Rayonda əsasən payız aylarında ev quşları  taun xəstəliyinə tutulur ki, bu isə onların kütləvi şəkildə qırılmasına səbəb olur. Bu isə öz növbəsində yumurta istehsalının azalmasına səbəb olur. Buna görə də baytarlıq idarəsi tərəfindən hər il bütün təsərrüfatlarda vaksinasiya aparılması vacibdir. Bundan əlavə rayonda quşçuluq fabriklərinin tikilib istifadəyə verilməsi də mühüm əhəmiyyət kəsb edir. 
                Ərzaq təhlükəsizliyinin qarşısının alınması üçün əkin sahələrinin münbitliyinin daim qorunub saxlanılması, suvarmada çirkab sulardan istifadənin qarşısı alınmalıdır. Əkin  sahələrindən  dıgər  məqsədlər  üçün istifadə hallarına  yol verilməməlidir.
                   Hal- hazırda  rayonda 25 min  hektar əkin  yeri mövcudur. Bu qədər əkin yerindən səmərəli istifadə olunarsa , yəni , növbəti əkindən, yüksək keyfiyyətli  toxumdan  və aqrotexniki  qaydalardan düzgün istifadə olunarsa, əkinlərin su təminatı yaxşılaşarsa yüksək məhsuldarlıq əldə etmək mümkündür. Bu gün rayonda əkin yerləri lazımi səviyyədə becərilmədiyi üçün məhsuldarlıq normadan xeyli aşağıdır. Baxımsızlıq ucbatından torpaq sahələrinin müəyyən hissəsi yararsız hala düşmüşdür. Hər bir yaşayış məntəqəsində mal-qaranın saxlanılması üçün bələdiyyə mülkiyyətində kifayət qədər örüş sahələrinin ayrılmasına baxmayaraq, bəzi təsərrüfatlarda əkin yerlərindən örüş sahələri kimi istifadə olunur ki, bu isə əkin yerlərinin yararsız hala düşməsinə və məhsul istehsalının azalmasına səbəb olur.  Əhalinin sayının ilbəil artdığını nəzərə alaraq , gələcək dövrlərdə əhalinin ərzaqla təminatını yaxşılaşdırmaq üçün bu problemlər daim diqqət  mərkəzində   olmalıdır.
                  Hal-hazırda rayonda əhalinin böyük əksəriyyəti ailə kəndli təsərrüfatı kimi   fəaliyyət göstərir. Ailə kəndli təsərrüfatlarının nəzdində 1-2 hektar torpaq sahəsi olur ki, bu isə məhsul istehsalında iqtisadi cəhətdən sərfəli deyildir. Belə ki, ailə kəndli təsərrüfatlarında məhsul istehsalı və satışı zamanı yaranmış problemlər  çətinliklər yaradır və ya həmin problemlər bəzi hallarda öz həllini tapa bilmir. Təsərrüfat rəhbərləri bir sıra hallarda ya mənfəət əldə edə bilmir, ya da zərərlə işləyirlər. Bu isə təsərrüfat  rəhbərlərini torpaqdan uzaqlaşmağa sövq edir. Bir sıra hallarda isə torpaq sahələri başqasına icarəyə verilir və ya satılır. Ona görə də ailə kəndli təsərrüfatlarının birgə təsərrüfatçılıqda və ya fermer birliklərində iştirakı zərurət doğurur.  Əhalinin kənd təsərrüfatı kooperativlərində birləşməsi daha məqsədəuyğun hal hesab edilir. Bu cür təsərrüfatlarda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı artar və daha yüksək mənfəət əldə etmək mümkün olar.   
                   Ərzaq təhlükəsizliyinin  həll edilməsi üçün ərzaq məhsullarının yalnız kəmiyyəti deyil, həm də keyfiyyəti ön planda  olmalıdır. Əhalinin sağlamlığı  üçün bütün növ məhsullar ekoloji cəhətdən təmiz məhsullar  olmalıdır . Məlumdur ki, insan həyatının saxlanması  və bioloji növ kimi nəslini davam etməsi üçün zəruri olan əsas elementlərdən  biri sağlam qidadır. Ekoloji təmiz kənd təsərrüfatı sistemi sağlam torpaq, sağlam bitki, sağlam heyvan , sağlam ərzaq və sağlam ətraf  mühitin mövcudluğu üçün şərait yaradan  kənd təsərrüfatı modelidir. Keçən əsrin 60- cı illərindən başlıyaraq dünya əhalisinin artımı və rifah halının yaxşılaşması kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatı  da yüksəltdi. Bu şəraitdə məhsul istehsalınını artırmaq üçün “ yaşıl inqilab”-yəni süni gübrələrdən  və aqrokimyəvi maddələrdən  geniş istifadə olunmağa başlandı . Bu məhsul istehsalını yüksəltsə də ,  məlum oldu ki,  kimyəvi maddələrdən həddindən çox istifadə  nəticəsində zərərvericilərin bu maddələrə qarşı davamlığını artırır. Bu da kimyəvi maddələrin daha təsirli formalarından istifadəyə ehtiyac yaradır. Eyni zamanda , intesiv texnologiyaların tətbiqi torpaqları zəiflətdiyi üçün mineral gübrələrdən  daha çox istifadəni zəruri edir. Bütün bunlar isə torpaqların münbitliyini itirilməsinə , ətraf mühitin çirklənməsinə , bioloji tarazlığın pozulmasına səbəb olur.
                       2008- ci ildə qəbul edilmiş “Ekoloji  təmiz kənd təsərrüfatı  haqqında” qanun ölkəmizdə  kənd təsərrüfatının bu istiqamətdə inkişafına  böyük hüquqi zəmin yaratmışdır.
                  Samux Rayon Statistika İdarəsi  belə  hesab edir ki, rayonumuzda  kənd təsərrüfatının inkişaf istiqaməti rayonda iri təsərrüfatların yaradılması və ekoloji təmiz kənd təsərrüfatının genişləndirilməsi ilə bağlıdır. Ona  görə də biz bu imkandan səmərəli istifadə etməliyik.

                               Samux Rayon Statistika   İdarəsi

Keçidlər