Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda üzümçülüyün inkişafı diqqət mərkəzində saxlanılır

06 iyul 2018 | 16:00

Azərbaycan üzümün yetişdirilməsi və onun emalı ilə məşğul olan qədim diyarlardan biridir. Tarixi qaynaqlara görə, hələ eramızdan əvvəl X əsrdə ölkəmizin bir çox bölgələrində geniş üzüm bağları mövcud idi. Üzümdən şərab, doşab, abqora, kişmiş, sirkə və s. məhsullar hazırlanırdı. Üzümçülük indi də respublikamızda aqrar sahənin ən gəlirli sahələrindəndir. Vaxtilə Azərbaycanda kənd təsərrüfatından əldə edilən ümumi mənfəətin 30 faizi üzümçülüyün payına düşürdü. Keçən əsrin 80-ci illərində üzümçülük iqtisadiyyatın aparıcı sahəsi olan neft sənayesi ilə rəqabət apararaq dövlət büdcəsinin formalaşmasında mühüm yer tuturdu. . Üzümçülüyün respublika iqtisadiyyatı üçün böyük əhəmiyyətə malik olduğunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev 1970-ci ildən başlayaraq bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərirdi .  80-ci illərdə onun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasi, iqtisadi və təşkilati tədbirlər sayəsində üzümçülük sahəsinin yüksək templə inkişafına nail olunmuş, emal müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, güclü kadr potensialı yaradılmışdır.
     Ötən əsrin 70-80-ci illərində Samux rayon iqtisadiyyatında üzümçülük mühüm rol oynamışdır. 1990-cı ildə rayonda 5860 hektar üzüm bağı mövcud olmuşdur. Sahələrdən 73801 ton üzüm yığılmışdır.Üzümün orta məhsuldarlığı 126 sent/ha olmuşdur. Təsərrüfatlarda istehsal olunan süfrə üzümünün bir hissəsi respublika bazarlarına çıxarılır, digər hissəsi isə respublikadan kənara ixrac olunurdu. Həmin vaxtlar rayonda 10 şərab emalı zavodu fəaliyyət göstərirdi. İstehsal olunan texniki sort üzümlər isə bu zavodlar tərəfindən qəbul edilir və şərab istehsal olunurdu.
     Lakin keçmiş İttifaq rəhbərliyinin alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri haqqında 1985-ci ildə qəbul etdiyi qərar respublikamızın hər yerində olduğu kimi Samux rayonunda da üzümçülüyün inkişafına ciddi zərbə vurmuşdur. Bu qərəzli qərardan sonra Azərbaycanda 130 min hektardan çox məhsuldar üzüm bağı məhv edilmiş və uzun illər böyük zəhmət hesabına yaradılan infrastruktur dağıdılmışdır. Respublika iqtisadiyyatına o vaxtkı qiymətlərlə 630 milyon manat dəyərində ziyan dəymişdir. Digər tərəfdən, 90-cı illərin əvvəllərində ölkədə hökm sürən xaos, hərc-mərclik  bu sahənin inkişafına öz mənfi təsirini göstərmiş, istehsalçılarla istehlakçılar arasında ənənəvi münasibətlərin pozulmasına və nəticədə bir sıra üzümçülük-şərabçılıq müəssisələrinin fəaliyyətinin dayandırılmasına səbəb olmuşdur.
     1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra üzümçülük-şərabçılıq sahəsinə diqqət yenidən artdı. Ulu öndərin məqsədyönlü siyasəti sayəsində ölkədə üzümçülük tədricən dirçəlməyə başladı. Azərbaycanın bir sıra  bölgələrində yerli üzüm sortlarından ibarət üzüm bağları salındı. Ümummilli lider Heydər Əliyev üzümçülük və şərabçılığı müstəqil Azərbaycan Respublikasında yeni bazar münasibətləri şəraitində inkişaf etdirmək üçün onun hüquqi bazasının yaradılması məqsədilə 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” Qanunun tətbiq edilməsi barədə fərman imzaladı. Sənədin qüvvəyə minməsindən sonra respublikada çoxsaylı özəl üzümçülük təsərrüfatları formalaşdı, yeni üzümlüklər salındı.
     Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının  (2004-2008-ci illər) Dövlət Proqramı” aqrar sahənin, o cümlədən üzümçülüyün inkişafı üçün geniş perspektivlər açmışdır. Üzümçülüyün inkişafı üzrə tədbirlərin də nəzərdə tutulduğu “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” kimi mühüm sənədlər təsdiq edilmişdir. Bununla yanaşı, ölkə Prezidenti bölgələrə etdiyi səfərlərdə üzümçülüyün prioritet sahə olduğunu dəfələrlə xatırlatmış və bu sahənin inkişafına xüsusi diqqət yetirmək zərurətini vurğulamışdır.
     Özünün üzümü və yüksək keyfiyyətli şərabı ilə keçmiş sovet məkanında şöhrət qazanmış Samux rayonunda da 90-cı illərin əvvəllərində üzümçülük kütləvi şəkildə iflasa uğramışdır. Üzümün və şərabın alıcılıq qabiliyyətinin olmaması nəticəsində üzüm bağları baxımsızlıq nəıticəsində sıradan çıxmış və şərab zavodlarının isə fəaliyyəti dayanmışdır. Bunun nəticəsində rayon iqtisadiyyatına külli miqdarda ziyan dəymiş və minlərlə insan iş yerlərini itirmişdir.  Nəticədə işsiz əhali əlacsız qalıb işləmək üçün başqa ölkələrə üz tutmuşdurlar. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən gəlişindən sonra respublikanın hər yerində olduğu kimi Samux rayonunda da aqrar islahatlar həyata keçirildi. Rayonda torpaq sahələri özəlləşdirilərək vətəndaşlara verildi. Yararsız hala düşmüş üzümlüklər bərpa edildi və eyni zamanda yeni üzüm bağları salındı.
     Faktlara müraciət edək:
     Rayonda 1995-ci ildə 5378 ha üzüm bağı olduğu halda 2000-ci ildə 504 ha, 2005-ci ildə 417 ha. 2010-cu ildə 115 ha, 2017-cı ildə isə 1058,6 ha olmuşdur.     
    Hal-hazırda rayonda üzümçülük təsərrüfatları ildən-ilə artırılır. Rayonda “Təbriz”, “Kardinal”, “Bayan”, “Prima”, “Xatunbarmağı”, “Raduqa” və s. kimi üzüm sortları yetişdirilir.  Emal müəssisələrinin fəaliyyəti olmadığından texniki üzüm sortları azlıq təşkil edir. 

     Rayonda  müasir bazar tələbləri səviyyəsində üzümçülük və onun emal sənayesinin inkişafını təmin etmək məqsədilə yeni üzümlüklərin salınması, süfrə və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, tinglik təsərrüfatlarının yaradılmasının və üzümçülük təsərrüfatları üçün əsas və köməkçi materialların istehsalı bu gün böyük zərurət doğurur. Bütün bunlarla yanaşı, üzümçülüyün infrastruktur təminatının yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi, üzüm istehsalı və emalında innovativ texnologiyaların tətbiqi və üzüm məhsullarının “plantasiya-istehlakçı” sxemi ilə satışının stimullaşdırılması vacib hesab edilir.
     Ötən əsrin 70-ci illərində tikilib istyifadəyə verilmiş 10 şərab zavodunun fəaliyyət göstərməməsi üzümçülüyün inkişafına mənfi təsir göstərir. Belə ki, təsərrüfat rəhbərləri istehsal etdiyi üzümü satışa çıxara bilmirlər. Ona görə də bu şərab zavodlarının yenidən təmir edilib və yeni texnoloji avadanlıqlarla təchiz edilməsi çox mühüm əhəmiyyət kəsb edir.Bundan əlavə əhalinin qış aylarında təzə üzümlə təmin edilməsi üçün üzümçülük təsərrüfatları çox olan ərazilərdə  soyuducu anbarların tikilib istifadəyə verilməsinin çox böyük əhəmiyyəti olardı.
     Statistik göstəricilərin müqayisəli analizini təhlil edək:
     Yuxarıda qeyd etdik ki, 1988-ci ildə rayonda 5860 ha üzüm bağı olmuş və həmin sahələrdən  73801 ton üzüm yığılmışdır. Əgər bu qədər üzüm  2017-ci ildə istehsal olunsaydı və üzümün 1 kq-nın satış qiymətinin 0,39 manat olduğunu nəzərə alsaq, rayon üzrə üzüm satışından 28782,4 min manat gəlir əldə etmək olardı.  O cümlədən, 2017-ci ildə 1 kq üzümün maya dəyəri  0,35 manat olmuşdur. Bu hesabla 73801 ton üzümün maya dəyəri 25830,4 manat olardı. Deməli, 1 ildə üzüm satışından 2952 min manat xalis gəlir əldə etmək olardı ki, bu isə rayon büdcəsinin gəlirlərindən 1,7 faiz çoxdur. Bu məbləğ 2017-ci  ildə muzdlu işçilərə hesablanmış əmək haqqı fondunun 16,4 faizinə bərabərdir.
     Hal-hazırda rayonda əsas problemlərdən biri işsizliyin tam aradan qaldırılmasıdır.            Üzümçülüyün inkişafı bu problemin öhdəsindən asanlıqla gələ bilər. Belə ki, 1 ha üzüm bağına 2 nəfər işçi tələb olunduğunu nəzərə alsaq, onda 5860 ha üzüm bağında 11720 nəfər işçi çalışar. Bu isə iqtisadi fəal əhalinin 38,5 faizi qədərdir. Deməli, bu yolla işsizlik aradan qaldırıla bilər.         
       Üzümün insa orqanizmi üçün faydası çoxdur. Üzümün tərkibi kalsium, dəmir və başqa maddələr, həmçinin A, B1, B2, və C vitaminlərilə zəngindir. Bəzi qaraciyər xəstəlikləri və qanazlığının müalicəsində istifadə edilir. İçərisindəki meyvə asitləri sayəsində mədəyə zərər vurmadan böyrək və bağırsağın işini asanlaşdırır. Qanın təmizlənməsinə kömək edir.
           Üzümçülük və şərabçılıq rayonun ən ənənəvi istehsal sahələrindən biri olmuşdur. Belə ki, hələ 1895-ci ildə Forher qardaşları Samux rayonunun indiki Qarayeri qəsəbəsində kəhriz quyuları qazdıraraq sahələrə su çəkdirmiş, həmin sahələrdə üzüm plantasiyaları salmışlar. Sonra isə şərab zavodu tikdirərək, yığılan üzüm məhsullarından şərab və konyak emal edərək, həmin məhsulları satmaq üçün Almaniyaya və Rusiyaya göndərmişlər.
     Ötən əsrin 70-ci və 80-ci illərində də Samux rayonunuda istehsal olunan şərablar respublikamızda və xarici ölkələrdə böyük şöhrət qazanmışdır. Şərab istehsalı rayon büdcəsinə xeyli miqdarda gəlir gətirirdi. Məlumat üçün bildiririk ki, şərab üzümdən 2 dəfə çox gəlir gətirir. Ona görə də bu gün rayonda şərabçılığı inkişaf etdirmək ən mühüm tədbirlətrdan biri hesab edilir. 
     Samux Rayon Statistika İdarəsi belə hesab edir ki, gələcək dövrlərdə rayonda  iqtisadiyyatın ən gəlirli sahələrindən biri olan üzümçülük və şərabçılıq ilbəil inkişaf etdiriləcək və bu isə  əhalinin gəlirləri və həyat səviyyəsinin durmadan yüksəlməsinə, yeni iş yerlərinin açılmasına və işsizliyin aradan qaldırılmasına səbəb olacaqdır.

Samux Rayon Statistika İdarəsi

Keçidlər